Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddialar

Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddialar

Xəbər verdiyimiz kimi, ötən ayın 19-da Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və o təcili olaraq Türkiyəyə yola salınıb.

Səhhətində ciddi problemlər yarandığı üçün Türkiyəyə yola düşdüyü deyilən Əli Həsənov orada xəstəxanaya deyil otelə yerləşib.

Türkiyə hökumətinə yaxın mənbədən daxil olan məlumatda bildirilir ki, İstanbulda onlarla qohumu və dostu olduğu halda Əli Həsənov qalacağı yeri onlardan gizli saxlamaq üçün oteli "booking.com” vasitəsilə sifariş edib.

Bir neçə il əvvəl Əli Həsənovun qudası, millət vəkili Səttar Möhbalıyevin həyat yoldaşının vasitəçiliyi ilə İstanbulun ən bahalı yaşayış mərkəzlərindən hesab olunan "Bal Mumcu” ərazisində 75 milyon  lirəyə villa aldığı bildirilir. Lakin maraqlıdır ki, İstanbulda bahalı villasının olmasına baxmayaraq  Əli Həsənov öz villasında qalmaq istəməyərək İstanbulun "Moda” adlanan ərazisindəki "Double Tree” otelində qalmağa üstünlük verib.

Mənbənin verdiyi məlumatda qeyd olunur ki, adına onlarla bank kartı olmasına baxmayaraq Əli Həsənov oteldə kredit kartı olmadığını bildirərək bütün ödəmələrin nəğd şəkildə həyata keçiriləcəyini bildirib.

Bildirilir ki, səhhətində ciddi problemlər yarandığı deyilən və bu səbəbdən Türkiyəyə gedən Əli Həsənov Türkiyənin heç bir həkiminə güvənməyərək orada öncədən dostu olduğu azərbaycanlı həkimin müayinəsinə gedir.

İstanbula səfərinin müalicə xarakterli olduğu bildirən Əli Həsənov orada "Mərmərə Qrupu”nun üzvləri ilə hər gün görüş keçirir. Qeyd edək ki, "Mərmərə Qrupu”nun rəhbəri Akkan Suvər 1987-1995-ci illərdə Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub.

4 sentyabr  tarixində "Facebook” sosial şəbəkəsindəki hesabında səhhətinin ağır olduğundan yazan Əli Həsənov elə mesajı yazdığı radələrdə İstanbuldan Antalyaya səfər edib və maraqlıdır ki, İstanbuldan Antalyaya səfər edən zaman Əli Həsənov təyyarədən yox avtomobildən istifadə etməyə üstünlük verib.

Əli Həsənovun Türkiyə səfərilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, səhhətində ciddi problemlərin olduğu deyilən Əli Həsənovun oğlu Şamxal Həsənov atası ilə eyni təyyarədə İstanbula getməyib. Yalnız atasının İstanbula getməsindən 2 gün sonra Şamxal Həsənov da İstanbula səfər edib.  Əli Həsənov Antalyaya yola düşən zaman  oğlu Şamxal Həsənov da "Misir Hava Yolları”na bilet alaraq Ərdoğan höküməti ilə ziddiyyətdə olan Qahirəyə gözlənilməz səfər edir.

Məsələ ilə bağlı Əli Həsənov oğlu Şamxal Həsənovdan münasibət öyrənmək istəsək də, onun telefon nömrəsinə zəng çatmadı. Vaxtı ilə Əli Həsənovun ailə üzvlərinə məxsus biznes şəbəkəsinə rəhbərlik edən, "Xəzər” TV-nin sabiq direktoru Mahmud Taharlı isə suallarımıza cavab verməkdən yayınaraq bildirdi ki, mən sadə vətəndaşam, məni bu məsələlər qarışdırmayın.


Oxşar xəbərlər