Hidayət Heydərov koronavirusdan sağalsa da, Avropa çempionatında yarışmayacaq

Hidayət Heydərov koronavirusdan sağalsa da, Avropa çempionatında yarışmayacaq

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb. 

Cüdo Federasiyasının saytı xəbər verir ki, kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov yarışa hazırlıq barədə məlumat verib. 

Onlar son iki həftədə cüdoçularımızın Budapeştdə təşkil edilən "Böyük Dəbilqə” yarışında və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıb. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri qitə çempionatında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

 

Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb. 

Qeyd edək ki, cüdo üzrə qitə çempionatı noyabrın 19-dan 21-dək keçiriləcək. Olimpiada ilində son Avropa çempionatında qitənin güclü cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (9 kişi, 5 qadın) təmsil edəcək.

BizimBaki.org-un məlumatına görə, komandamızın aparıcı üzvlərindən olan, Avropa çempionu, ikiqat dünya mükafatçısı Hidayət Heydərov (-81 kq) bu yarışda iştirak edə bilməyəcək. Buna səbəb onun noyabrın 2-də verdiyi koronavirus testinin müsbət çıxmasıdır. Artıq idmançının dünən verdiyi test mənfi çıxsa da, o, məşqlərdən uzaq qaldığı üçün və adı yarışa sifariş olunmadığı üçün yarışmayacaq.


Oxşar xəbərlər