“Azəriqaz” “AAAF Park”ı yalan danışmaqda ittiham etdi – Sakinlərin 5 illik qaz problemi nə vaxt həll olunacaq?

“Azəriqaz” “AAAF Park”ı yalan danışmaqda ittiham etdi – Sakinlərin 5 illik qaz problemi nə vaxt həll olunacaq? Xırdalan şəhərində yerləşən "AAAF Park" Yaşayış Kompleksinin 1A və 1B saylı binalarının sakinləri 5 ildir ki, qazla təmin edilmədiklərini bildirirlər.
Bu barədə BizimBaki.org -a məlumat verən sakinlər bildirirlər ki, onların bir qismi qaz sayğacları üçün şirkətin tələb etdiyi vəsaiti ödəyib, digərləri isə qazla təmin olunacaqları halda ödəməyə hazırdırlar. Lakin 5 ildən artıq müddətdir burada yaşayan sakinlər hələ də qazlaşdırılma üçün şirkət tərəfindən heç bir addımın atılmadığını deyirlər.
Məsələ ilə bağlı "AAAF Park”dan Yeniavaz.com-a bildirildi ki, qazlaşdırılma prosesini "Azəriqaz” İstehsalat Birliyi həyata keçirir:
"Biz sadəcə onlara kömək edirik. "Azəriqaz” bu işi "AAAF Park”dakı küçələr üzrə mərhələli və növbəli şəkildə həyata keçirir. Hal-hazırda 17 saylı küçədə bu proses həyata keçirilir. Daha sonra isə 27, 13-cü küçələrində və 1A, 1B binalarında qazlaşdırılma işləri başlayacaq. Bu sıranı biz müəyyənləşdirmirik, "Azəriqaz” İstehsalat Birliyi müəyyənləşdirir”.
"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov isə Yeniavaz.com-a açıqlama verərək "AAAF Park”ı yalan danışmaqda ittiham edib və bildirib Mənzil Tikinti Koorperativlərində "Azəriqaz” qazlaşdırılma işi aparmır :
"Yalan deyirlər. Elə bir şey yoxdur. Bu qəbul olunmuş qaydadır. Mənzil Tikinti Koorperativlərində "Azəriqaz” heç bir qazlaşdırılma aparmır. Koorperativlər bunun üçün lisenziyası olan tikinti şirkətləri ilə müqavilə bağlayırlar. MTK-lar özlərinin eyiblərini örtmək üçün heç nəyi "Azəriqaz”ın üzərinə atmamalıdırlar. Müvafiq sənədlər toplandıqdan sonra qaz açılışı üçün ya MTK-nın rəhbərliyi, ya da işi görən podratçı şirkətlə abonəçilər arasında müqavilə bağlanır və "Azəriqaz”a təqdim olunur. "Azəriqaz” açılışa razılıq verilməsi üçün yerində baxış keçirir. Açılışa razılıq üçün verilən rəylər, təkcə bizim tərəfimizdən verilmir. Layihə şərtləri pozulmayıbsa, təhlükəsizlik qaydaları pozulmayıbsa qaz açılışı təmin olunur”.

Oxşar xəbərlər