"Şükür Həmidov yanımızda şəhid oldu, biz o təpəni ala bildik"

44 günlük Vətən müharibəsinin iştirakçılarından biri də Lənkəran rayonunun Səpnəkəran kəndindən olan 24 yaşlı Məcidzadə Tural Xudaverdi oğludur. 

BizimBaki.org  "Qafqazinfo”ya istinadən xəbər verir ki, T. Məcidzadə sentyabrın 29-da Lənkəran rayon Hərbi Komissarlığından könüllü olaraq döyüşlərə qatılıb. O, yanvarın 10-da xidmətdən tərxis edilərək ailəsinin yanına qayıdıb. Qəhrəmanımız bu müddət ərzində keçdiyi döyüş yolu barədə saytımıza danışıb.

T. Məcidzadə müharibədə kəşfiyyat bölüyündə xidmət etdiyini bildirir: "Oktyabrın 2-dən Füzuli rayonu uğrunda döyüşlərə qatılmışam. Daha sonra Cəbrayıl, Qubadlı rayonu uğrunda döyüşlərdə də iştirak etmişəm. Ali Baş Komandanın sərəncamına uyğun olaraq "Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalıyla təltif edilmişəm. Müharibə bitdikdən sonra Şuşa şəhərində və Xocavənddə xidmət etmişəm. Döyüşlərdə yüngül xəsarətlər almışam. Ağır yaralı olmadığıma görə döyüşlərə davam etmişəm”. 

T. Məcidzadə Qubadlının azad edilməsi uğrunda şəhid Milli Qəhrəmanımız Şükür Həmidovla birgə döyüşdüyünü bildirib: "Şükür Həmidov bizim yanımızda şəhid oldu. Biz tapşırığa əsasən Mahmudlu kəndində mühüm təpənin alınması uğrunda hücuma keçəcəkdik. Bu zaman erməni mərmisindən Şükür Həmidov şəhid oldu. Onun nəşini əsgər yoldaşlarımızla birgə götürüb aşağıya təhvil vermişik. Həmin döyüşdə digər şəhidlərimiz, yaralılarımız oldu. Ancaq buna baxmayaraq biz o təpəni ala bildik. Çünki həmin təpəni götürəndən sonra digər ərazilərə nəzarət edə bilərdik. Cəbrayılda "Avtovağzal" adlanan ərazidə döyüşə girmişdik. Ermənilər üç istiqamətdə hücuma keçmişdi. Biz onun qarşısını aldıq”. 

T. Məcidzadə ailəlidir və 11 aylıq körpəsi var. Ailəli olmasına baxmayaraq döyüşlərə qatılmağın onun üçün şərəf məsələsi olduğunu vurğulayıb: "Mən 2016-cı ilin aprel döyüşlərində də Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində iştirak etmişəm. Daha sonra isə Goranboy və Tərtər istiqamətində döyüşmüşəm. Hazırda isə ən böyük arzum daxili işlər orqanlarında fəaliyyətimi polis kimi davam etdirməkdir".


Oxşar xəbərlər